“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsində iki nəfər 700-dən yuxarı bal toplayıb

16.03.2020 Выкл. Автор admin

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin hər iki imtahanı uğurla başa çatıb. İlk dəfədir keçirilməsinə baxmayaraq, onlayn mərhələdə 7059 nəfərin iştirak etməsi müsabiqənin ictimaiyyət arasında böyük maraq doğurduğunu göstərir. Eyni zamanda, iştirakçı sayının çoxluğu “Yüksəliş” müsabiqəsində böyük rəqabətin olduğunu deməyə əsas verir.

AZƏRTAC xəbər verir ki, müsabiqədə qeydiyyatdan keçənlərin sayı 9775 nəfər olub. Növbəti mərhələyə onlardan 976 nəfər (10 faiz) buraxılıb.

Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları dünyada qəbul olunmuş T-bal şkalası ilə qiymətləndirilib. Təyin edilən norma bütün iştirakçıların sualları cavablandırma nəticələrinin əsasında müəyyən edilir, yəni blok və variant üzrə çoxlu sayda suallara doğru cavab verən iştirakçıların sayı artdıqca T-bal nisbətən aşağı, belə iştirakçıların sayı azaldıqca T-bal nisbətən yuxarı olur. Müsabiqədə toplanılan maksimal bal 709 olub. 700-dən yuxarı balı yalnız 2 nəfər toplaya bilib: 706 və 709 bal. 650 baldan yuxarı 51 nəfər, 600 baldan yuxarı 440 nəfər nəticə göstərə bilib. Maksimal T-balın, o cümlədən keçid balının 572 olması bir daha təsdiq edir ki, müsabiqədə ümumilikdə rəqabət güclü olub.

Sevindirici haldır ki, 976 iştirakçı keçid balından yuxarı nəticə göstərib. Bu göstərici müsabiqəyə qoşulan iştirakçıların bilik və bacarıqlarının ümumilikdə yüksək olduğunu təsdiqləyir.

Share